ÇEXİYADA TƏHSİL

Niyə Çexiya?
Hal-hazırda Çexiyada 43.000-dən çox xarici tələbə təhsil alır. Çexiya nüfuzlu universitetləri, unikal konsepsiyası, müxtəlif ixtisasları, əlverişli təhsil haqqı və yaşayış xərcləri, Avropanın qəlbində canlı və rəngli mədəni həyatı ilə fərqlənir.
Mərkəzi Avropanın ən qədim universiteti olan Charles University 1348-ci ildə təsis edilmişdir.

Təhsil dili
Çexiyada təhsil dili əsasən çex və ingilis dilləridir. Bəzi universitetlərdə rus, alman və fransız dillərində də tədris olunan ixtisaslar vardır.

Təhsil sistemi
Çexiyada Bakalavr təhsili 3-4 il, Magistr təhsili isə 1-3 il olur.
Qış semestri Sentyabr – Dekabr aylarında, Yaz semestri isə Fevral – May aylarında olur.

Qəbul üçün tələblər
Bakalavr üçün orta təhsil və dil sertifikatı, Magistr üçün uyğun ixtisasda Bakalavr təhsili və dil sertifikatı tələb olunur. Əlavə olaraq qəbul imtahanı da (yazılı test, online interview) tələb oluna bilər.

Müraciət tarixləri
Universitetlərə müraciət əsasən Fevral – Aprel ayları arasında olur.

Təhsil haqqı
Dövlət Universitetlərində çex dilində təhsil pulsuzdur.
Təhsil haqqı $0 – $22,350 arası dəyişir.

Yaşayış xərcləri
Aylıq $350 – $750 arası dəyişir. Bu qiymətə qalma yeri, yemək, nəqliyyat xərcləri daxildir.

Çexiya Universitetləri

Şərqi Avropa və Mərkəzi Asiyanın TOP 200 Universiteti arasında Çexiyanın 12 universiteti yer alır.

4-cü yerdə sıralanan Charles University Çexiyanın ən yaxşı və ən geniş universiteti hesab olunur. Təhsil dilləri çex, ingilis, alman və fransız dilləridir. Beynəlxalq tələbələrin daha çox üstünlük verdiyi bu universitetdə 53.000-dən çox tələbə təhsil alır. Charles University dünyanın 200 universiteti ilə partnyorluq etməkdədir. Universitet Tibb fakültəsi ilə məşhurdur. Universitetin özəlliklərindən biri də ingilis dilində Tibb təhsilinin olmasıdır.

Czech Technical University in Prague Çexiyanın ikinci ən yaxşı, ən qədim və geniş universitetlərindəndir. Təhsil dilləri çex, ingilis və rus dilləridir. Bu universitet daha çox mühəndislik ixtisasları məşhurdur. Universitetin məzunları arasında dünyaca məşhur şəxsiyyətlər vardır. Onlardan biri Doppler effektinin adını daşıyan fizik Christian Dopplerdir.